Sen 01, 2022 22:39 Asia/Baku
  • Yalnız 307,8 min nəfərin işsiz olduğu iddia edilir

Dövlət Statistika Komitəsi 2022-ci il avqustun 1-nə iqtisadi fəal əhalinin sayını 5 milyon 342,1 min nəfər göstərib.

SəhərAzəri-nin məlumatına əsasən, hesabatda bildirilir ki, onların 5 milyon 34,3 min nəfəri məşğul əhali kimi rəsmiləşib. Bu, 307,8 min nəfər işsiz deməkdir.

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş, müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş stajı olan şəxslər minimum əməkhaqqı qədər sığorta ödənişı alır. Dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Mayın 18-də prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı demişdi: "Azərbaycandakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq, biz daim işsizliklə bağlı məsələlərə diqqət yetirməliyik. Biz işsizlik səviyyəsini 5-6 faizə qədər azaltmağa nail olmuşuq. Lakin bunu aşağı səviyyədə saxlamaq üçün biz hər il yeni iş yerləri açmalıyıq. Çünki Azərbaycanın əhalisinin sayı, 30 il əvvəl müstəqilliyimiz əldə olunandan bu günə qədər 7 milyondan 10 milyona qədər artmışdır və indi də artmaqdadır. Bu səbəbdən biz daha çox insan üçün iş yerlərinə sahib olmalıyıq. Xüsusilə də indi - dördüncü sənaye inqilabının nəticəsində bir çox işlərin artıq mövcud olmayacağı dövrdə biz özümüzü yeni iş sahələrinə hazırlamalıyıq".

Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına müstəqil iqtisadçılar şübhə ilə yanaşırlar. İş o yerə çatmışdır ki, bir müddət əvvəl iqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. O, öz sosial şəbəkə hesabında qeyd edib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb.

Əlbəttə ki, bu, bütün ekspertlərin rəyi deyi. 

"Faktyoxla Lab" saytı Qubad İbadoğlunun iddiasına cavab olaraq yazır ki, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Teqlər