Müharibə iştirakçılarının problemləri həllini tapmır
İkinci Qarabağ müharibəsindən üç ilə yaxın müddət keçsə də hələ də bu müharibədə iştirak edən döyüşçülərin bir çox problemləri həll olunmayaraq qalır. Dünən Nazirlər Kabineti qarşısında aksiya keçirən 44 günlük müharibənin iştirakçıları onların əməliyyatlarda iştirakının belə inkar olunduğuna etiraz ediblər.
İyulun 20-də bir qrup İkinci Qarabağ Müharibəsi iştirakçısı Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.
Onlar veteranlıq statusunun və medalların verilməsini tələb edirlər.
Turan xəbər agentliyinin bildirdiyinə görə, aksiya iştirakçıllarından biri deyib ki, dəfələrlə Müdafiə Nazirliyinə müraciət ediblər, lakin onlara deyiblər ki, hərbi əməliyyatlarda iştirak etməmisiniz.
"Gedib hərbi hissədən döyüş əmrini götürmüşük. İndi də deyirlər ki, sən döyüşdə olmamısan, arxada olmusan. Adım əvvəl siyahıda olsa da, sonradan çıxarılıb, deyiblər ki, korpusdan imtina gəlib", - Mahir Abbasov bildirib.
Ehtiyatda olan zabit Cahangir Kərimov bildirib ki, veteranlıq məsələsilə bağlı Müdafiə Nazirliyində qəbulda olublar, onlara deyiblər ki, məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. "Dedilər ki, 44 günlük müharibə ilə bağlı Nazirlər Kabinetində qərara əlavə edilməlidir, bundan sonra veteranlıq statusu ala biləcəyik", - Kərimov deyib.
Aksiya iştirakçılarının sözlərinə görə, medal və fəxri fərmanlarla təltif edilən, amma veteranlıq statusunu almayan müharibə iştirakçıları da var.
Onlar qeyd ediblər ki, əvvəlki aksiyalara rayonlardan müharibə iştirakçıları qoşulublar.
"Rayonlara qayıdandan sonra polis tərəfindən onlara təzyiqlər olur, onlar inzibati həbslərə məruz qalırlar”, - aksiya iştirakçılarından biri deyib.
Turan Daxili İşlər Nazirliyinin bütün bu deyilənləri inkar etdiyini bildirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Turan-ın müxbirilə söhbətində deyib ki, müharibə iştirakçılarına qarşı təzyiq, üstəlik onların həbsi barədə iddialar həqiqətəuyğun deyil.
Turan Müdafiə Nazirliyindən və Nazirlər Kabinetindən şərh ala bilmədiyini yazır.