Ceyhun Bayramov:
"ATƏT həllin bir parçası olmaq şansını itirib".
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in uzun illər Ermənistanın işğalçılığına qarşı qeyri-effektiv olduğuna görə artıq həllin bir parçası olmaq şansını itirdiyini deyib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı diqqətə çatdırıb ki, ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu:
"Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi",- Ceyhun Bayramov deyib.
“Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”, deyən Azərbaycanın xarici işlər naziri qeyd edib ki, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir. Ceyhun Bayramov Qarabağdakı qondarma qurumun buraxıldığını və Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etdiyini xatırladıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə iclasdakı çıxışında İddia edib ki, “doqquz aydan çox davam edən qeyri-insani mühasirə”dən sonra, sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağ əhalisi”nə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, “Dağlıq Qarabağ”ın yerli əhalisinin kütləvi surətdə “məcburi köçkün”ə çevrilməsinə səbəb olub.
“İndiki məqamda qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə “Dağlıq Qarabağ” ərazisini erməni əhalisi olmadan əldə etmək kimi çoxdankı məqsədinə nail olub.
Lakin bu ediləndən sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. indi Ermənistan Respublikasının bütün suveren ərazisi qonşumuzun hədəfinə çevrilib. Davamlı nifrət, hərbi ritorika, gücdən istifadə və güc təhdidi, müxtəlif beynəlxalq aktorlar, o cümlədən ABŞ və AB tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında həqiqətən maraqlı olmadığını göstərir”, - deyə Mirzoyan bildirib.
Bəzi analitiklərə görə, Qarabağın erməni əhalisinin bu əraziləri tərk etməsi məsələnin tamamiylə həll edilməsinə mane olacaq və Ermənistanla Azərbaycan arasında növbəti münaqişələrə zəmin yaradacaq.