Sen 23, 2024 18:29 Asia/Baku
  • Azərbaycanda 319 siyasi məhbus var

Sentyabrın 23-də "Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.

Həsənovun Turan-a verdiyi məlumata görə, əvvəlki siyahı dərc edildikdən sonra ona "dindarlar" kateqoriyasından iki nəfərin - Alik Aslanov və Elşən Abbasovun adı salınıb.

Bununla yanaşı, siyahıya 18 yeni siyasi məhbus əlavə olunub.

Xüsusən, narkotik haqqında iş üzrə mühakimə olunmuş Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışov, gənc iqtisadçı Fazil Qasımov, gənc tədqiqatçı alimlər Bəhruz Səmədov və İqbal Əbilov, həmçinin keçmiş deputat Emin İbrahimov siyahıya salınıb.

Bundan başqa, siyahıya daha 13 dindarın adı əlavə olunub.

Həsənovun sözlərinə görə, siyahıdakı 319 siyasi məhbus 10 qrupa təsnif edilib. İki yeni qrup təsis edilib. Belə ki, "Milli azlıqlar" qrupuna bu yaxınlarda həbs edilmiş İqbal Həsənovla yanaşı, talış xalqının daha əvvəl başqa kateqoriyalarda siyahıya daxil edilmiş daha iki nümayəndəsi - bloger Aslan Qurbanov və Ruslan Vahabov daxil edilib. "Müharibə əleyhinə fəallar" adlı yeni qrupa isə Bəhruz Səmədov və Emin İbrahimov aid edilib.

"Jurnalistlər və blogerlər" qrupunda 18 nəfər, "Hüquq müdafiəçiləri" qrupunda 3 nəfər, "Müxalif partiya və ictimai təşkilatların üzvləri" qrupunda 30 nəfər var.

"Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" qrupunda əvvəlki kimi 5 nəfər, ""Tərtər işi" ilə əlaqədar həbs edilənlər" qrupunda 7 nəfər, ""Gəncə işi" ilə əlaqədar həbs edilənlər" qrupunda 13 nəfər "Ömürlük məhbuslar" qrupunda 11 nəfər var.

Ən çoxsaylı qrup "Dindarlar" qrupu olaraq qalır, burada artıq 227 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu inkar edir.

 

Teqlər