Apr 18, 2025 16:07 Asia/Baku
  • Mərkəzi Asiya ölkələri tərəfdaşlıq dairəsini genişləndirirlər

Şərq –Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Politoloq Ərəstun Oruclu Türk Dövlətləri Təşkilatında yaranmış ziddiyyətləri şərh edərək türk ölkələrinin yeni tərəfdaşlar axtardıqlarını bildirib.

Politoloq öz feysbuk məqaləsində yazır ki, qlobal kommunikasiyalara çıxış baxımından imkanları məhdud olan regiondur. Bu ölkələr üçün Rusiya üzərindən Avropaya çıxış böyük məsafəyə uzanan dəmir yolu vasitəsilə mümkündür. "Orta Dəhliz" vasitəsilə çıxış isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Üstəlik də "Orta Dəhliz" Xəzər dənizindən sonra Azərbaycan, Gürcüstan və ya Ermənistan, Türkiyə üzərindən keçir. Belə olduqda cənub istiqamətində bir variant nəzərdən keçirilməli ola bilər- İran üzərindən. Türkmənistandan başlayaraq İran üzərindən keçməklə dünya okeanına çıxmaq mümkün variantlardan biri sayıla bilər. Çünki İranın nəqliyyat imkanları daha genişdir. O cümlədən də ölkənin cənubunda yerləşən Çabahar və Bəndər-Abbas limanları.

Ərəstun Oruclu qeyd edir ki, son illər ərzində Çinin iştirakı ilə hər iki limanın yükötürmə imkanları xeyli artırılmışdır. Xüsusilə də Hörmüz boğazından kənarda Oman körfəzində yerləşən dərinsulu Çabahar limanının. Bu liman həmçinin eyni zamanda həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinin mühüm elementi ola bilər.

Qeyd etmək yerinə düşərdi ki, Pekinlə Tehran arasında imzalanmış 25 illik strateji əməkdaşlıq sazişinə əsasən İranda infrastruktur layihələrinin inkişafına 400 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Bu da o deməkdir ki, Avropa İttifaqı-Mərkəzi Asiya sazişi Çinin də susqun iştirakı ilə imzalanıb.

Müəllifin fikrincə, əgər vəziyyət belədirsə, o zaman xarici siyasətində ehtiyatla davranan Mərkəzi Asiya ölkələrinin hədəfləri anlaşılandır.

Mərkəzi Asiya ölkələrinin Kiprdə səfirliklərini açması qərarına gəlincə isə politoloq hesab edir ki, Avropa İttifaqı ilə əlaqələr qurmaq üçün onların qarşısında Kipri tanımaq kimi bir şərt qoyulub. Belliklə də Türk Dövlətləri Təşkilatı formal bir quruma çevrilir. Bu şəraitdə həmçinin "Zəngəzur dəhlizi"ndə ilişib qalmış Azərbaycan və Türkiyənin qlobal siyasətdə iştirakı zərbə altında qalacaq. Görünür, Türkiyədəki susqunluğun, Azərbaycanda isə aşırı qəzəblə dolu sərt ritorikanın ictimai şüura yeridilməsinin əsl səbəbi də elə budur.