Apr 28, 2025 14:52 Asia/Baku
  • Azərbaycan və İran strateji dialoqu gücləndirir - TƏHLİL

Azərbaycan mediası Pezeşkiyanın səfərini əhəmiyyətli sayır. Trend Xəbər Agentliyi səfərlə bağlı geniş məqalə dərc edib.

Məqalədə deyilir: Məsud Pezeşkiyanın Bakıya səfəri İran və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf tempini sürətləndirəcək. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 580 milyon dollara çatıb.

Bununla belə, tərəflərin hədəfləri bu rəqəmləri xeyli üstələyir: İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, Bakı və Tehran qarşıdakı beş ildə illik ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədirlər.Məqalədə qeyd olunur ki, İran ticarət əlaqələrinin qarşısındakı maneələri fəal şəkildə aradan qaldırır və Azərbaycanla uğurlu əməkdaşlığı regionun digər ölkələri ilə qurulacaq münasibətlər üçün bir modelə çevirmək istəyir.

Digər tərəfdən Azərbaycan-İran strateji tərəfdaşlığı enerji sahəsində xüsusilə aydın görünür. 2024-cü ilin mayında Xudafərin SES və Araz çayı üzərindəki Qız-Qalası su elektrik stansiyası istifadəyə verilib. Bu layihələr hər iki ölkədə 400 min hektardan çox ərazinin suvarılmasını təmin edəcək və 280 MVt gücündə elektrik enerjisi istehsalı ilə sərhədyanı rayonların enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.Nəqliyyat infrastrukturunun inkişafı da ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir.

Azərbaycan və İran Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirən beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizində fəal əməkdaşlıq edirlər. Bundan əlavə, İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

 Bu layihə təkcə Azərbaycanın daxili nəqliyyat bağlantılarıını gücləndirməyəcək, həm də Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq arasında ticarət və tranzit imkanlarını genişləndirəcək, Azərbaycanın Avrasiyada əsas tranzit qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirəcək.Müəllif onu da qeyd edir ki, səmərəli ikitərəfli münasibətlərin dərinləşməsi təkcə Cənubi Qafqazda deyil, daha geniş regionda da yeni iqtisadi nizamın formalaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın və strateji təşəbbüslərin gələcək inkişafına zəmin yarada bilər.