Avq 04, 2025 12:27 Asia/Baku
  • Azərbaycan paytaxtında su qıtlığı yaranıb - TƏHLİL

Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında ciddi fasilələr yaranır. Artıq bir neçə ərazidə su ilə bağlı şikayətlər artmaqdadır.

Yerli mətbuatın yazdığına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Bununla belə əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir. Lakin dövlət müəssisəsinin verdiyi izahat çoxlarını qane etmir.

Görünən budur ki, Bakı və digər bölgələrdə içməli və texniki su çatışmazlığı problemi illərdir öz həllini tapmır. Xüsusilə yay aylarında su kəsintiləri, zəif təzyiqli su, ya da ümumiyyətlə suyun olmaması geniş yayılmış şikayətlər sırasındadır.

Ekspertlər isə yaranmış vəziyyətlə bağlı iki vacib məqama diqqət çəkirlər:

1. Su boruları çox hallarda Sovet dövründən qalıb və sızmalara səbəb olur.

2. İdarəetmədə şəffaflıq çatışmazlığı var və su ehtiyatlarının planlaşdırılması və bölgülərində effektivlik zəifdir.

Bu arada valyuta ehtiyatları 77 milyard dollara çatmış ölkənin su təchizatını modernləşdirməyə vəsait ayırmaması, üstəlik az qala hər gün müxtəlif kommunal xidmətlərə yeni tariflərin tətbiq edilməsi vətəndaşlarda narazılıq doğurmaya bilməz. Onlar deyirlər ki, zəngin resursların müəyyən hissəsini insanların rifahına və məişət problemlərinin həllinə sərf etmək günün ən vacib məsələsidir. Lakin bu məsələ faktiki olaraq arxa plana keçib və hökumət üçün Türkiyədə zəlzələdən zərərçəkənlərə şəhər tikmək, diaspora təşkilatlarını maliyyələşdirmək və lobbiçilik fəaliyyətlərinə vəsait ayırmaq daha vacib məsələyə çevrilib. Bu günlərdə isə bu kimi necə deyərlər səxavətli işlərə biri də əlavə olundu: Suriyaya qaz ixracı.

Təbii ki, hökumətin bu məsələdə öz arqumenti var və Yaxın Şərqdə cərəyan edən geosiyasi oyunlarda o da pay almaq istəyir. Ancaq paradoks yaranır ki, atalar demişkən: "Öz evini yandırıb qonşunu isidirsən".

Xaricdə imic qazanmq və xarici arenada humanist və regional lider kimi görünmək üçün daxildəki problemləri ikinci plana atmaq düzgündürmü? Və ya dövlət resurslarının əhali üçün deyil, geosiyasi maraqlara yönləndirilməsi hansı nəticələrə apara bilər?