AŞPA siyasi məhbusların azad edilməsi tələbini qoydu
İyun 24, 2015 18:19 Asia/Baku
-
Avropa Şurası Parlament Assambleyası
AŞPA –da müxtəlif ölkələri təmsil edən deputatlar Azərbaycan Respublikasında baş verənlərə görə hökumətin ünvanına kəskin ittihamlar səsləndirdilər. AŞPA Azərbaycanın qarşısına siyasi məhbusların azad edilməsi tələbini qoydu.
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası davam edir. Dünənki iclasda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş Ivinskinin (Polşa) hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq, qəbul olunub.Sənəddə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və bloggerlərin, hüquq müdafiəçilərinin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və s. məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı avropalı deputatlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər.
Əvvəlcə həmməruzəçilərdən Pedro Aqramunt çıxış edərək bildirib ki, sənəddə həqiqəti əks etdirməyə çalışıblar. O, eyni zamanda, təzyiqlərə məruz qaldığını deyib: “Bizə təzyiqlər çox idi. Qarşısıalınmaz təzyiqlərlə üzləşdim. 25 illik siyasi fəaliyyətim dövründə düşünməmişdim ki, insanlar bu qədər uzağa gedə bilər”.
Müzakirələr zamanı İspaniyadan olan deputat Xordi Xukla bildirib ki, vaxtilə AŞ PA-da görüşdükləri azərbaycanlı hüquq müdafiəçiləri indi həbsxanadadır.
Niderlanddan olan Tini Kox xatırladıb ki, Azərbaycanbir müddət əvvəl Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə bu ölkədə insan haqlarının vəziyyəti daha da pisləşib.
Italiyadan olan deputat Paulo Korsini Azərbaycanda söz və ifadə azadlığının məhdudlaşdırılmasından danışaraq qeyd edib ki, media, məhkəmə sistemi tamamilə hökumətin nəzarətindədir .
AŞ PA-nın rumıniyalı üzvü Teodor Nikolosku yada salıb ki, Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir. Venesiya Komissiyasının seçkilərlə bağlı bir xeyli tövsiyəsini isə Azərbaycan hökuməti hələ də yerinə yetirməyib : “Bu ölkədə hüquq müdafiəçiləri, jurnalistlər, ümumiyyətlə, tənqidçilər təqiblərə məruz qalır”.
Fransalı deputat Durie Jozetti bildirib ki, Azərbaycanda xüsusən 2013-cü ildə keçirilmiş son prezident seçkisindən sonra vəziyyət daha da ağırlaşıb: “Orada baş verənlər bizi qorxudur. Məhdudiyyətsiz hakimiyyət hökm sürür. Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün manipulyasiya məqsədilə istifadə edir. Demokratiyadan imtina edib, ölkədə stabilliyin pozulmasıyla hədələyir. Onlara Avropa Şurasının dəyərlərini xatırlatmaq lazımdır”.
Türkiyəli deputat Egemen Bağış AŞ PA iştirakçılarına xitabən deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan hökuməti demokratik cəmiyyət qurmağa çalışır. Bu ölkədə demokratiya ilbəil möhkəmlənir”.
Almaniyadan olan deputat Frank Schwabe Egemen Bağışın çıxışına cavab olaraq deyib ki, Azərbaycan qəşəng ölkə ola bilər, amma bu ölkədə hökumət Avropa Şurasının dəyərlərinə - insan haqlarına hörmətlə yanaşmır.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib ki, tənqidləri rəsmi Bakıya qarşı qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib: “İnsan haqları”, “demokratiya” adı altında Azərbaycana qarşı təzyiq kampaniyası başlayıb. Azərbaycan demokratikləşmə yolunda uğurla irəliləyir və bizi bu yoldan döndərmək mümkün olmayacaq".