Sen 10, 2015 20:51 Asia/Baku
  • Avropa Parlamentindən Azərbaycana sərt qətnamə
    Avropa Parlamentindən Azərbaycana sərt qətnamə

Bu gün Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə parlamentarlar insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Azərbaycandan ilk reaksiya belə olub: Bu kimi sənədlər ölkənin bəlli siyasi kursundan çəkindirə bilməz.

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsində "Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır."


Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.


Parlamentarlar Azərbaycan rəsmilərini Avropa Şurası və ATƏT kimi regional təşkilatlarla işləməyə və onların nümayəndələrinin Azərbaycana səfərlərini asanlaşdırmağa da çağırıblar və ATƏT-in Bakı ofisinin bağlanmasından təəssüflərini ifadə ediblər.


Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.


Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə ilk münasibət hökumətə yaxın deputat Zahid Orucdan gəlib.


Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, bu qətnamə əslində Bakıda yazılıb: “Bu, o ölkələrin buradakı səfirliklərində çalışanların ötən dövr ərzində müxalif partiyalara hər gün göndərilən təlimatların, tezislərin, qəzetlərdəki “vur!” əmrinin, kəşfiyyat və şipyonaj məlumatlarının bu dəfə Avropa Parlamentinə göndərilib, ordan oxunmasıdır. Çünki orada elə daxili məsələlərdən bəhs olunur ki, bunu ölkə içərisində siyasi müşahidələr aparmayan və yaxud da kəşfiyyat məlumatları olmayan bilməz".





Deputatın fikrincə, qətnamədəki çağırışlar heç bir halda demokratiya faktoruna bağlı deyil: "Qərb Azərbaycanın siyasi və iqtisadi kursuna, beynəlxalq əlaqələrinə təsir etmək üçün Avropa Şurası və Avropa Parlamentindən təzyiq aləti kimi yararlanmağa çalışır”.


Deputat bildirib ki, bu kimi sənədlər ölkənin bəlli siyasi kursundan çəkindirə bilməz. 








Teqlər