"Milyardları olan Azərbaycan" niyə yenə də borc axtarır?
"Financial Times" yazır ki, Azərbaycan Respublikası hakimiyyətinin nümayəndələri 2 milyard dollar vəsait əldə edilməsi məqsədilə cümə axşamı beynəlxalq investorlarla görüş keçiriblər.
"Financial Times"ın məqaləsində deyilir ki, Azərbaycan, neft qiymətlərinin düşməsi və bunun ardınca yaranmış çətin iqtisadi durumla əlaqədar 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsində özünün 12 milyard dollar payını verməkdə problemlərlə üzləşib.
Azərbaycan tərəfi bu pulu qarşıdan gələn üç il ərzində ödəməlidir.
Bu da qeyd olunur ki, az əvvəl Azərbaycan hölkuməti maliyyə paketi məsələsini Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə də müzakirə etmişdi.
Məqalədə deyilir ki, o vaxt Azərbaycan Respublikası rəsmiləri ölkənin 30 milyard dollarlıq suveren fondunun olmasına və əslində borca ehtiyacları olmadıqlarına israr edirdilər.
“Financial Times” Azərbaycanın borc almasında çətinlik yaradan amillərdən də söz açıb. Qeyd edilir ki, son iki ay ərzində dünyanın bütün aparıcı reytinq agentlikləri ölkənin kredit reytinqini ən aşağı həddə endiriblər. Onlar həmçinin xəbərdarlıq ediblər ki, Azərbaycan 1990-cı illərdən bu yana ilk resessiyasını yaşaya bilər.
Qəzet yazır ki, Bakının borc ala bilməməsinin siyasi və ekoloji səbəbləri də var. Bunlardan birincisi, ölkədəki insan haqlarının vəziyyəti və ikincisi isə sözü gedən layihənin mümkün ekoloji riskləridir.
Azərbaycanın borc almaq cəhdləri ilə bağlı son zamanlar tez-tez səslənən suallardan biri də rəsmilərin dedikləri kimi, 30 milyard dollarlıq ehtiyat fondu olan ölkənin niyə borc axtarmasıdır.
İqtisadi Tədqiqatlar Mərkəzinin analitiki Qubad İbadoğlu deyib ki, , ölkənin 33 milyard dollar pulunun olmasına baxmayaraq borc axtarmasında iki məntiq var.
“Birincisi, borcu elə o ehtiyata görə verə bilərlər, çünki bu halda ehtiyat fondu borc üçün zəmanət sayılacaq. İkincisi, borc uzunmüddətlidir, yəni onu bir çox hallarda on ildən sonra da qaytarmağa başlamaq mümkündür” – deyə ekspert bildirib.
Qubad İbadoğlu bildirib ki, Azərbaycanın əlində pul və depozit şəklində vəsaitlər azdır.
O deyib ki, Neft Fondunun vəsaitinin çoxu qiymətli kağızlarda, borc öhdəliklərində, əmlakda və qızıldadır.
İqtisadçı əlavə edib: “Hökumət həmin puldan istifadə etmək üçün müəyyən müqavilələri pozmalı olardı və o zaman isə itkilərə yol verilərdi. Başqa sözlə, qiymətli kağızlar və əmlak dəyər-dəyməzinə satılardı”.
Ekspertin sözlərinə görə, burada siyasi məqam da var və hökumət beynəlxalq təsisatlarla əməkdaşlıq etdiyini göstərmək istəyir.
“Bir amili də nəzərə alın ki, ölkənin kredit reytinqi getdikcə pisləşir, 1-2 ildən sonra bizə krediti daha yüksək faizlərlə verəcəklər. Ona görə də çalışırlar ki, hazırda aşağı faizlə kredit müqavilələri bağlasınlar” – deyə Qubad İbadoğlu bildirib.