Naxçıvanda atəşkəs rejimi pozulub
Düşmən Naxçıvanda atəşkəs rejimini pozub. Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdikləri razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri erməni qüvvələr tərəfindən atəşə tutulub.
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan Respublikası silahlı qüvvələrinin bu rayonlardakı mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.
Azərbaycan Respublikası Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Respublikası silahlı qüvvələrinin Ordubad rayonu istiqamətində yerləşən bölmələrinin cavab tədbirləri nəticəsində erməni qüvvələrin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Əməliyyat şəraiti Azərbaycan Respublikası silahlı qüvvələrinin tam nəzarəti altındadır-deyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib.