Avq 18, 2020 04:28 Asia/Baku
  • Gəncəyə hərbi zərbə endirməklə bağlı təhdidə cavab verildi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın Gəncəyə hərbi zərbə endirməklə bağlı təhdidini terrorçuluq cəhdi adlandırıb.

SəhərAzəri azertag-a istinadla xəbər verir, Nazirliyin bəyanatında deyilir: Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi-siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti Ermənistanda getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. 

Bəyanatda sonra qeyd olunur ki, Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir su elektrik stansiyası kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca Ermənistan tərəfi işğal edilmiş ərazilərdə yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd göstərir. Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. 

Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın bölgədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması imkanlarını tamamilə məhv etməyə yönəlmiş bu təhrikedici cəhdləri barədə ATƏT-in Minsk qrupunun həmsədrlərini məlumatlandırıb.

Teqlər