İyul 15, 2021 10:34 Asia/Baku
  • Şuşanın ətrafı atəşə tutulub

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Atəş, Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdəki erməni silahlı dəstələri tərəfindən açılıb.

Məlumatda Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açıldığı deyilir, bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 13-də saat 21:34-də və saat 21:45-də də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulmuşdur.
13 iyulda şuşa ətrafına açılan atəşi Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin bəyanatında deyilir: “Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib. Hadisə Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edilib.

Rusiya Müdafiə Nazirliyinin bu bəyanatı, Azərbaycan Respublikası ərazisində erməni hərbi birliklərinin mövcudluğuna rəsmi etiraf kimi dəyərləndirilir. Beləliklə Azərbaycan Respublikası ictimaiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti ilə əlaqədar növbəti və ciddi şübhələr yaranır.

Şuşa ətrafına Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən edilən hücum ilə eyni zamanda Rusiya sülhməramlı kontingentinin hərbçilərinin Qarabağda döyüş hazırlığı keçirdikləri barədə Rusiya Müdafiə Nazirliyi tərəfindən məlumat yayılıb.

Məlumatda deyilir ki, Təlim zamanı hərbçilər minaatanları döyüş vəziyyətinə gətirmək bacarıqlarını təkmilləşdiriblər. Əsgərlər təlim atışları da həyata keçiriblər.

Sülhməramlılardan təlimdə 150 nəfərin iştirak etdiyi vurğulanıb.

 

Teqlər