C.Bayramovla Ə.Abdullahiyanın telefon söhbətində
Rəsmi Bakı İranı azad edilmiş ərazilərdə bərpa işlərində daha geniş iştiraka çağırıb
Azərbaycan Respublikası xarici işlər naziri iranlı həmkarı ilə telefon söhbətində İranın işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında daha çox iştirak etməsini istəyib.
SəhərAzəri-nin verdiyi məlumata görə, 31 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov, İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının xarici işlər naziri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və İranın işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında daha çox iştirak etməsini, həmçinin tranzit sahəsində əməkdaşlığını istəyib və Qarabağ regionundakı inkişaflarla bağlı iranlı həmkarına məlumat verib.
İran İslam Respublikasının xarici işlər naziri Əmir Abdullahiyan da qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi eləcə də Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştirak üçün İran İslam Respublikasının tam hazır olduğunu bildirib.
Əmir Abdullahiyan beynəlxalq sərhədlərə hörmətin əhəmiyyətini vurğulayıb və Qafqazda ixtilafların dinc yolla diplomatik həllini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.
Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər qarşı tərəfi öz paytaxtlarına rəsmi səfərə dəvət ediblər və üz-üzə görüşlərinin ən qısa zamanda baş tutacağına ümidvarlıq ifadə ediblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün tvitterdəki hesabında İran İslam Respublikasının yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı təbrik etmişdi.