Dek 24, 2021 12:31 Asia/Baku
  • Yeni nəqliyyat dəhlizi işə düşdü

Fars Körfəzini Qara Dənizə birləşdirən tranzit marşrutu üzrə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

Məlumatda deyilir ki, bununla da Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır.

Məlumata əsasən üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Fars Körfəzindən başlayıb Avropaya kimi davam edir. Avtomobil karvanı dekabrın 23-də Azərbaycana çatıb. Sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək.

Bundan bir qədər əvvəl Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İranın nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən həm də Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər.

Ekspertlər deyirlər ki, bu nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edir. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasına təkan verəcək, hər üç ölkənin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə iştirakçı ölkələrin strateji mövqeyi daha da güclənəcəkdir.

Teqlər