Apr 27, 2022 14:16 Asia/Baku

Avropa Şurasının Jurnalistikanın müdafiəsinə və jurnalistlərin təhlükəsizliyinə yardım Platforması bu gün Strasburqda illik məruzəsini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Araşdırmada Avropa Şurasının iştirakçısı olan ölkələrdə jurnalistlərin və medianın problemləri, KİV nümayəndələrinin peşə fəaliyyətlərinə görə təqibi faktları əksini tapıb.

Hazırki araşdırma 2021-ci ili əhatə etsə də, onda 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlaması da əksini tapıb.

Məruzədə Azərbaycan jurnalistlərin (ümumilikdə 56 nəfər) həbsxanalarda saxlanıldığı ölkələr arasında göstərilib.

Məruzədə deyilir ki, Azərbaycan, RF, Türkiyə və Ukraynada (Krım) dövlət qulluqçularını təhqir etməkdə, icazəsiz etiraz aksiyalarında iştirakda, hökuməti tənqid etməkdə, polisə tabe olmaqdan imtina etməkdə, məxfi məlumatı yaymaqda və ya terror təşkilatını dəstəkləməkdə ittiham olunan jurnalistlər barəsində 11 hökm çıxarılıb.

Bundan başqa, Azərbaycan, hökumətin təzyiq və dövlət resurslarından - subsidiyalardan, reklamdan istifadə etməklə özəl KİV-lər üzərində nəzarət qurduğu ölkələr qrupuna daxil edilib.

Məruzədə deyilir ki, bunun nəticəsində ictimai rəyi formalaşdıran və müxalifətin fikrini və fərqli düşüncəni istisna edən hökumətyönlü KİV-lər formalaşıb.

Azərbaycan Türkiyə və RF ilə birlikdə bu qrupa daxildir.

Məruzə müəllifləri Azərbaycan, Polşa və Macarıstanda jurnalistlərin izlənməsində casus proqramlarından istifadə edildiyini qeyd ediblər.

Teqlər