Sus kəndi Azərbaycana qaytarılır
Gəlmə ermənilər kəndi təxliyə etməyə məcbur olublar
Son 12 erməni ailəsi Azərbaycanın nəzarətinə keçməkdə olan Sus kəndini tərk edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Sus kəndinin administrasiyasının rəhbəri Mxitar Nersisyan NEWS.am-a müsahibəsində bildirib.
“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı, əsasən onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə edirdilər, yalnız bir ailə Qarabağa köçmək istəyir. Hazırda kənddə işıq yoxdur, əlaqə yoxdur, hər şey sökülüb”.
Kənd icra başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar.
"Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağam, torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, deyə erməni sakin Azərbaycana xox gəlməyi unutmayıb.
Qeyd edək ki, Susda müharibədən əvvəl xaricdən və Ermənistanın müxtəlif bölgələrindən köçürülən 49 ailə yaşayırdı.
Qondarma rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan Laçın və Zabux sakinlərinə avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildirmişdi. Artıq əhalinin əsas hissəsi yaşayış məntəqələrini tərk edib.