Dindarların həbsi davam edir
“Müsəlman Birliyi” Hərəkatının üzvü naməlum istiqamətə aparılıb
Dekabrın 1-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Nicat Əliyev Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə “Müsəlman Birliyi” Hərəkatı bildirib .
Turan xəbər agentliyi isə Əliyevin doğmalarına istinadla bildirir ki, dekabrın 1-də günorta o, Masazır qəsəbəsindəki evindən çıxıb və geri qayıtmayıb.
“Nicat taksi sürücüsü işləyir. Dünən saat 13:00-a yaxın 90 PT 214 dövlət nömrə nişanlı avtomobillə evdən çıxıb. Bundan sonra ondan xəbər yoxdur və zənglərə cavab vermir. Dünən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişəm, lakin indiyədək Nicatın saxlanıldığı yer barədə ailəsinə məlumat verilməyib. Yerli polisdə deyirlər ki, onu axtarırlar”, - Nicat Əliyevin anası Yenigül Əliyeva Turan-a bildirib.
Müsəlman Birliyi Hərəkatının digər üzvü Samir Babayev də dekabrın 2-də saat 11:00 radələrində Maştağa kəndində naməlum şəxslər tərəfindən saxlanılıb. “Müsəlman Birliyi” Hərəkatı onun taleyinə aydınlıq gətirə bilmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildiriblər ki, onlarda Əliyev və Babayevin saxlanılması barədə məlumat yoxdur.
Səkkiz gün ərzində ailəsinə onun saxlandığı yer barədə məlumatın verilmədiyi “Müsəlman Birliyi” Hərəkatının digər üzvü, Şahin Qədirlinin isə yeri bəlli olub.
Şahin Qədirlinin vəkili Zibeydə Sadıqova Turana deyib ki, Qədirli saxlanılandan sonra doğmaları ilə əlaqə saxlamasına, öz seçdiyi vəkili dəvət etməsinə imkan verilməyib. Səkkiz gün ərzində ailəsinə onun saxlandığı yer barədə məlumat verilməyib. Yalnız bu gün məhkəmədə məlum olub ki, istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Dövlət Təhlükəsizliyi Xidmətinə verilib. Qədirli isə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.
Cümə günü Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham olunan Şahin Qədirlinin həbsindən şikayəti təmin etməyib.
Onun vəkili Zibeydə Sadıqova bildirib ki, istintaqın məlumatına görə, ondan 7 qram metamfetamin aşkar edilib. Qədirli ittihamı rədd edib.
Vəkil ittihamın əsassız olduğunu qeyd edib və xatırladıb ki, narkotik maddələrlə bağlı cinayət işlərinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin yox, polisin səlahiyyətinə daxildir.