Laçın-Xankəndi yolundakı aksiya nəyə nail olmaq istəyir?
Artıq 38 gündür bir qrup azərbaycanlının Laçın-Xankəndi yolunda başlatdığı aksiya davam edir. Aksiyaçıların tələbi Qarabağda separatçıların nəzarətində olan yeraltı mədənlərin monitorinqinə imkan verilməsidir.
Ermənilər bu aksiyaları bəhanə edərək təzyiq vasitələrini xeyli artırıblar. Yalnız 17 yanvarda ermənilər həm özləri, həm də qərb ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycana Laçın yolunu açmaq üçün tələb və çağırışlarla çıxışlar ediblər.
Daşnak partiyasının ABŞ-dakı üzvləri Vaşinqtonda Azərbaycan səfirliyinə gedən yolları bağlayıb və Laçın yolunun açılmasını tələb edirlər. Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətinə verilməsinə çağırış səsləndirib.
Daşnaklar Avropada da kəskin hərəkətlərdən çəkinməyiblər. Fransa XİN binasının qarşısında saatlarla etiraz aksiyası keçirib, Azərbaycana qarşı sanksiya tətbiq etməyə, Laçın yolunun açılmasına çağırışlar ediblər.
Hətta Rusiya da bu çağırışlara qatılıb. Bu gün RF XİN rəhbəri Sergey Lavrov da Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığında Laçın yolunun tezliklə açılmasını bildirib. Xəbərdə bildirilir ki, ““Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixində ən yüksək səviyyədə üçtərəfli Bəyanatda göstərilən parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb”. Laçın yolunda ekoloqların etiraz aksiyası başlandığı gündən bəri, Rusiya bu səviyyədə ilk dəfədir ki, münasibət bildirir.
10 noyabr bəyanatını əsas göstərən Rusiya və qərb dövlətləri indiyədək həmin bəyanata görə erməni silahlı qüvvələrinin çıxarılmaması, azərbaycanlı qaçqınların geri qaytarılmamasına etiraz bildirməyiblər.
Belə bir şəraitdə ümumi fikri düşündürən bir neçə sual gündəmdədir: Bir qrup azərbaycanlı mülkinin ekofəal adı altında Qarabağdakı yeraltı qaynaqların istismarı ilə bağlı ekoloji məsələləri ortaya atması Azərbaycan Respublikasına nə qazandıracaq?
Ekofəallar Qarabağda ekoloji məsələlərlə bağlı separatçılar deyil, Rusiyadan nəyisə tələb edirlərsə bu niyə rəsmi Bakı tərəfindən Moskvadan istənilmir?
Azərbaycan Respublikası öz əraziləri olan Xankəndi və onun ətraf hissələri barədə niyə cəsarətli tələblər irəli sürə bilmir? Xankəndindən olan Azərbaycanlı didərginlərin o sıradan xocalı qətliamından salamat qurtaranlar və onların övladlarının öz doğma yurdlarına qayıtmaq haqlarını niyə tələb etmir?