Azərbaycan Laçın yolundakı durumla bağlı izahat verdi
Ermənistanın iddialarının heç bir əsası yoxdur!
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri arasında görüş keçirilib.
Görüş zamanı Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
Nazir son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib.
Qeyd edək ki, BMT-nin ali məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Azərbaycanın üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Məhkəmə prosesi Ermənistanın şikayəti əsasında təşkil olunub.
Məhkəmənin qərarında deyilir ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, iş üzrə yekun qərarın qəbul olunmasına kimi insanlar, nəqliyyat vasitələri və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə "maneəsiz hərəkətini" təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir.
Beynəlxalq məhkəmə tərəfindən Ermənistanın xeyrinə məlum qərarın qəbul olunması və Bakının Ermənistana qarşı vəsatətinin təmin edilməməsi Əliyev hakimiyyətini pat vəziyyətə salıb və bir çoxları baş verən olayı həm də Azərbaycanın xarici diplomatiyasının iflası kimi qiymətləndirir.