İlham Əliyevə istədiyi dəhliz verilmədi
Ermənistanın cənubundan keçən yola Rusiya nəzarət edəcəkmi?
Naxçıvanı Azərbaycan Respublikasının əsas hissəsinə birləşdirən yol Rusiya qüvvələrinin nəzarəti altında olacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev bu barədə deyib: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqə marşrutu üzrə nəqliyyat vasitələrinin və yüklərin hərəkəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizəsinin nəzarəti altında olacaq”.
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan isə Mustafayevin açıqlamasına belə münasibət bildirib: “Bizim bununla bağlı mövqeyimiz tam aydındır. Gömrük işləri və Bakı-Naxçıvan kommunikasiya marşrutuna sərhəd nəzarəti qanunlara uyğun Ermənistanın müvafiq qurumları tərəfindən həyata keçiriləcək, araşdırmalar başa çatana qədər daha heç nə deyə bilmərəm”.
Görünür, bu məsələdə Moskva ilə Bakı arasında koordinasiya var. Əvvəllər olduğu kimi, Rusiya baş nazirinin müavini Rusiya sərhədçiləri tərəfindən sərhədə nəzarətin mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq deyib ki, bu məsələ Ermənistan Respublikasından asılıdır.
Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin ictimai televiziyasına müsahibəsində kommunikasiyaların açılması ilə bağlı vurğulamışdı ki, Ermənistan Respublikası ərazisində yollara nəzarət və bütün sərhəd xidmətləri Ermənistan Respublikasının qurumları tərəfindən həyata keçirilir. “Bu məsələdə İrəvanın mövqeyi çox aydındır, hesab edirəm ki, bütün tərəflər bununla tanışdır və ümid edirik ki, digər tərəfdaşlar da bu prinsipi nəzərə alaraq irəliləyəcəklər”, - deyə erməni rəsmi bəyan etmişdir.