Türk Dövlətləri Təşkilatında haçalanma;
Əliyevin açıqlaması təşkilatda ikitirəliyi artıra bilər
Qazaxıstan və Türkmənistanın Kipr Respublikasında səfirlik açması qərarından sonra Azərbaycan Respublikasının tam fərqli mövqe sərgiləməsi Türk Dövlətləri Birliyində ziddiyyətləri artırır.
Aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin sammiti keçirilib. Müzakirələrdən məlum olub ki, region ölkələri nəqliyyat və rəqəmsal əlaqə, mühüm xammal, təhlükəsizlik və enerji sahələrində daha çox Avropa İttifaqı ilə əməkdaşlığa üsünlük verir. Və bu çərçivədə qurumun üzvü olan Kipr Respublikası ilə normal əlaqələrin qurulmasında maraqlıdırlar. Lakin bu məsələdə rəsmi Bakı Avropa İttifaqını anti-Azərbaycan siyasəti yürütməkdə ittiham edərək Türkiyənin maraqlarından çıxış etməyə çalışır.
Bununla əlaqədar prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib: “Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Bu açıqlama dünya ictimaiyyəti tərəfindən tanınmamış Şimali Kipr Türk Respublikası və Türkiyə tərəfindən alqışlansa da, Türk Dövlətləri Birliyində vahid mövqeyin olmadığına və qurumun gələcəyinin qaranlıq olduğuna işarədir.
Görünür, hər bir üzv dövlətin xarici siyasət prioritetləri və geosiyasi maraqları fərqlidir. Məsələn əgər Qazaxıstan və Özbəkistan daha çox neytral və balanslı xarici siyasət yürüdür, Avropa İttifaqı ilə nəqliyyat və ticarət sahələrində əlaqələrini genişləndirir, Rusiya və Çinlə münasibətləri əsas prioritet kimi saxlayırlarsa, Azərbaycan Türkiyə ilə daha sıx strateji ittifaq qurmaqda israrlıdır.
Bu fərqliliklər zaman-zaman təşkilat daxilində koordinasiya çətinliklərinə səbəb olur və müəyyən məsələlərdə “haçalanma” müşahidə olunur.
Beləliklə də aydın olur ki, üzv dövlətlər arasında real və səmərəli inteqrasiya üçün hüquqi və iqtisadi mexanizmlər hələ yetərincə formalaşmayıb və konsensusdan danışmaq tezdir.
Bu kontekstdə Mərkəzi Asiya ölkələrinin Şimali Kipri tanımaqdan imtina etməsi demək olar ki, Türk Dövlətləri Birliyinin ya dağılmasına ya da formal bir qrupa çevrilməsinə gətirib çıxaracaqdır.