Rusiya:
Dünyada kiberhücumların böyük əksəriyyətinin arxasında ABŞ dayanır
"Qərbdə elan olunmayan, lakin ictimaiyyət üçün açıq olan bu məlumatlar istənilən sağlam düşüncəli insana Rusiyanın kiberməkanda total təhdidinə dair tezisin əsassız olduğunu açıq şəkildə nümayiş etdirir".
SəhərAzəri sputnik-a istinadla xəbər verir, ABŞ və müttəfiqləri digər ölkələrin kiberməkanlarında kəşfiyyat və destruktiv hərəkətlərini gücləndirir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov "Arqumentı i Faktı" qəzetinə müsahibəsində bildirib.
"Digər tərəfdən isə Rusiya, Çin, Şimali Koreya və İranı kibertəhlükələrin əsas mənbəyi elan edirlər", – o deyib.
Onun sözlərinə görə, beləliklə, ABŞ dünya ictimaiyyətinin gözündə hər hansı bir hərəkətə, o cümlədən güc xarakterli hərəkətlərə haqq qazandırmaq üçün "məqsədyönlü şəkildə media mənzərəsini formalaşdırır".
O qeyd edib ki, "informasiya sahəsində qarşıdurmanın süni şəkildə qızışdırılması" nəticəsində beynəlxalq münasibətlərdə gərginlik yaranır, sanksiyalar dünya iqtisadiyyatının inkişafını ləngidir, həmçinin bütövlükdə rəqəmsallaşma proseslərinə inam azalır.
"Belə bir şəraitdə dövlətlərin rəqəmsal özünütəminata nail olmağa yönəlmiş xətti təəccüblü deyil. Bu xətt birbaşa olaraq rəqəmsal dövrdə dövlət suverenliyini təmin etmək tələbatından irəli gəlir", - Xramov bildirib.
Onun sözlərinə görə, dünyada kiberhücumların böyük əksəriyyətinin arxasında ABŞ dayanır.
"Amerikalılar zərərli aktivlik üzrə statistikada əhəmiyyətli fərqlə liderlik edirlər: 2016-2019-cu illərdə zərərli təsirlərin növündən asılı olaraq 40 faizdən 75 faizə qədər", – o bildirib.
Xramovun dediyinə görə, Rusiya üçün bu rəqəm 2 faizdən 7 faizə qədərdir.
"Qərbdə elan olunmayan, lakin ictimaiyyət üçün açıq olan bu məlumatlar istənilən sağlam düşüncəli insana Rusiyanın kiberməkanda total təhdidinə dair tezisin əsassız olduğunu açıq şəkildə nümayiş etdirir", – qəzetin həmsöhbəti vurğulayıb.
Xramov hesab edir ki, ABŞ-ın uydurma bəhanələrlə Rusiyaya kiberhücum imkanlarını artırması Moskva tərəfindən müdafiə tədbirlərinin görülməsini tələb edir.
"Bu cür son aksiyalar sırasında xüsusilə 2019-cu ilin oktyabrında Gürcüstanın dövlət orqanlarına və mediasına qarşı kiberhücumlara dair Rusiyanın ünvanına sürülən iddiaları qeyd etmək olar", – o bildirib.
Xramovun sözlərinə görə, Çexiyanın koronavirusa qarşı mübarizədə istifadə etdiyi səhiyyə obyektlərinə "qeyri-insani" hücumlar barədə hay-küy də eyni şəkildə yayılıb: "ABŞ, Böyük Britaniya və Kanadada COVID-19 vaksinlərinin yaradıcılarının şəbəkələrini sındırmaq cəhdlərini də "rus hakerləri"nin adına yazmağa çalışırlar".
Xramov ayrıca mövzu kimi Rusiyanın guya informasiya texnologiyalarından istifadə etməklə ABŞ seçkilərinin nəticələrinə təsir göstərməsi iddialarını qeyd edib. Təhlükəsizlik Şurasının katibinin müavini deyib ki, bu problem Amerika siyasi elitasının kəskin qarşıdurmasında istifadə olunur.
O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın İnternet Tədqiqatları Agentliyinə qarşı gizli kiberhücumlara başlamağı tapşırıb. Amerikanın xüsusi xidmət orqanları sübutlar təqdim etmədən bu agentliyi müdaxilə kimi tövsif edilən informasiyanı yaymaqda günahlandırır.
"Donald Tramp hücum faktını "The Washington Post" nəşrinə bu yaxınlarda verdiyi müsahibədə açıq şəkildə etiraf edib", – Xramov vurğulayıb.
Bununla yanaşı yeni dərc olunmuş məlumatlara görə, 2018-ci ildə ABŞ prezidenti Mərkəzi Kəşfiyyat İdarəsinə kiberməkanda hücum əməliyyatlarının həyata keçirilməsi üçün geniş səlahiyyətlər verib.
Bütün bunlar, onun fikrincə, Rusiya Federasiyasının informasiya təhlükəsizliyi doktrinasının və Rusiya qanunvericiliyinin müddəalarına uyğun olaraq müdafiə tədbirlərinin zəruriliyini diktə edir.