Avq 04, 2020 06:30 Asia/Baku
  • ABŞ-ın Çinə qarşı psixoloji müharibəsi şiddətlənir-təhlil

ABŞ-ın Çin əleyhinə təbliğat müharibəsi şiddətlənir. Pompeo çinliləri dünyada avtoritar rejimlər qurmağa çalışmaqda ittiham edib.

SəhərAzəri - ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirib ki, Çin Honkonqun milli təhlükəsizlik qanununu bütün dünyadakı insanlara tətbiq etməyə çalışır. Bu, insan hüquqlarını və əsas azadlıqların çərçivələnməsinə yönəlik bir cəhddir.

Onun sözlərinə görə, Pekinin avtoritar idarəetmə modelini dünya ölkələrinə təbliğ etməsinə icazə verilməməlidir.

Mayk Pompeo bundan əvvəl də Çin Kommunist Partiyasını Amerika xalqının təhlükəsizliyini əsaslı şəkildə təhdid etdiyini demişdi. 

Qeyd edək ki, ABŞ Federal Kəşfiyyatı bu yanlarda hazırladığı hesabatda Çini Amerika üçün ən uzunmüddətli təhlükə olaraq qiymətləndirib. Sənəddə iddia olunub ki, Çin əvvəlkitək Amerikanın dövlət sirlərini oğurlamağa çalışır. bu dövlət həmçinin Amerikada yaşayan çinliləri təqib edir, onları Çinə geri qayıtmağa vadar etməyə çalışır.

Son günlər bu ittihamlar fonunda Çinin Hyuston şəhərindəki konsolluğunun bağlanması da istər-istəməz diqqət çəkir. Belə ki, ticarət müharibəsinin ardınca iki ölkə arasında diplomatik müharibə də yeni müstəviyə keçir və etimadsızlıq atmosferi daha da genişlənməkdədir. Vaşinqtonun çinli məmurlara qarşı növbəti sanksiya qərarını elan etməsi və Çinin Honkonq siyasətini qınaması da böhranı dərinləşdirir.

Əslində əvvəlcədən təxmin olunurdu ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın xarici siyasətində Çin əsas hədəflərdən biri olacaq. Bu istiqamətdə o, Ağ Evə daxil olan kimi ABŞ bazarını ələ keçirmiş Çin məhsullarıyla bağlı tədbir görməyə başladı. Son aylarda isə koronavirusla bağlı söz atışması əlaqələri daha da zərbə altında qoydu.

Amerika rəhbərliyi hesab edir ki, Çin həm daxili, həm də xarici siyasətdə ABŞ-ın qarşısında duran əsas aktor sayıla bilər. Tramp administrasiyasını Çinlə bağlı narahat edən məqamlar bunlardır: - Çinin devalvasiya və gömrük siyasətinin ABŞ-a ziyanı; - Pekinin Cənubi Çin dənizində hərbi cəhətdən möhkəmlənməsi və hər yerdə Birləşmiş Ştatların dövlət maraqlarına təhlükə yaratması. Bununla yanaşı Çinin İran siyasəti də Vaşinqtonu qane etmir və bu barədə onun İranla imzalamaq istədiyi 25 illik tərəfdaşlıq müqaviləsinə qarşı çıxır.

Müşahidəçilər xəbərdarlıq edirlər ki, Tramp Amerikasının Çini az qala düşmən obrazında görməsi, bütün cəbhələrdə onu sıxışdırmaq yolunu tutması beynəlxalq sülh və sabitliyə çox ciddi təhlükə yarada bilər.

 

Teqlər