Fev 27, 2021 08:59 Asia/Baku
  • Çinin neft saxlama qabiliyyəti tükənir

Dünyanın ən böyük neft idxalçısı olan Çinin neft ehtiyatları təxminən 100 günlük xalis idxal səviyyəsinə qədər artıb ki, bu, əlavə saxlanc çənləri və obyektlərinin tapılmasını çətinləşdirir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, ehtiyatların artması Çinin 2020-ci ildə koronavirus pandemiyası fonunda qiymətlərin düşdüyü zaman ehtiyat yığmaq üçün neft almaq cəhdləri ilə bağlıdır. Ehtiyatlara həm dövlət, həm də kommersiya ehtiyatları daxildir. Onların səviyyəsi dəyişir, lakin təxminən 100-120 günlük xalis idxal səviyyəsində qalır.

Əsas neft idxalçısı olaraq, kifayət qədər xammal tədarükü Çin iqtisadiyyatı üçün ciddi əhəmiyyətə malikdir. Çünki bu, tədarükdə kəsintinin olmasının təsirindən qorunma təmin edir.

Keçən ilin aprel ayında “Bloomberg” Çinin fövqəladə ehtiyatlar üçün neft alması planları barədə məlumat vermişdi. Agentliyin həmsöhbətlərinin dediklərinə görə, ilkin hədəf dövlət ehtiyatlarını 90 günlük xalis idxal səviyyəsində saxlamaq idi.

Agentliyin məlumatına görə, Çinin neft idxalı keçən il orta hesabla gündəlik 10,9 milyon barel təşkil edib, ölkənin hazırkı neft ehtiyatları isə 1,09 milyard barel səviyyəsindədir.

Teqlər