ÜST: "koronavirusun erkən bitəcəyinə dair heç bir zəmanət yoxdur"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının cari ilin sonuna qədər bitəcəyinə dair ümidlər barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir ki, "Associated Press"in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan deyib: "Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tez və ya qeyri-real olar, lakin yeni peyvəndlər xəstəxanaya yerləşdirmələrin və ya ölüm hallarının azalmasına kömək edə bilər".
ÜST-nin yüksək rütbəli rəsmisi əlavə edib: "Əgər peyvənlər ilin sonuna qədər ölüm və ağır xəstəlik halları ilə yanaşı yoluxma riski və ötürülmə prosesinə də əhəmiyyətli dərəcədə təsir edərsə, koronavirus pandemiyasını nəzarət altına ala bilərik.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom da deyib: "Ölkələr əhalilərini vaksinasiya etmək üçün bir-birləri ilə rəqabətə girməməli və vaksinasiya "qlobal" bir proses olaraq, qəbul edilməlidir.
Bununla belə, dünyada virusa yoluxma sayı altı həftədən sonra keçən həftə yenidən artdı.
İndiyədək bütün dünyada 115 milyon 299 min 852 nəfər koronavirusa yoluxub, onlardan 2 milyon 560 min 602 nəfəri bu virusdan həyatını itirib.