Co Bayden İranla Çin arasında 25 illik tərəfdaşlıq müqaviləsinə münasibət bildirib
ABŞ prezidenti İranla Çin arasında 25 illik müqavilənin imzalanmasına münasibət bildirib və onu narahat edici dəyərləndirib.
SəhərAzəri xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden İranla Çin arasında 25 illik müqavilənin imzalanmasına reaksiyada, deyib: "Uzun müddətdir ki, İran-Çin tərəfdaşlığından narahatam".
"25 illik plan" kimi tanınan İran İslam Respublikası və Çin Xalq Respublikası arasında hərtərəfli əməkdaşlıq sənədi şənbə günü Tehranda iki ölkənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi tərəfindən imzalanıb.
2016-ci ildə İran və Çin birgə bəyanat yayaraq, hərtərəfli əməkdaşlığa dair müqavilə imzalayacaqlarını açıqladılar.
Nəhayət müzakirə və məsləhətləşmələrdən sonra, cari il martın 27-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Çinin hökumət şurasının üzvü və xarici işlər naziri Vanq Yi Tehranda iki ölkə arasında hərtəfərli əməkdaşlığa dair sənədi imzaladılar.
Bu sənəddə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın potensialları və perspektivləri nəzərdə tutulub.
Amerika mətbuatı müqavilənin imzalanmasını Tehran və Pekinin ABŞ sanksiyalarından yayınmaq cəhdi və Vaşinqtonun İran və Çinə qarşı müdaxiləçi siyasətlərinə cavab kimi dəyərləndiriblər.