Donbas uğrunda döyüşlər gedir
Rusiya Ukraynanın şərqində hücumları gücləndirdi
Ukraynanın şərq bölgələrində rusların hücumları güclənib, ağır döyüşlər gedir.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Baş Qərargahı bildirir ki, Donetsk və Tavriya istiqamətlərində Rusiya ordusu bütün təmas xətti boyunca minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə Ukrayna qoşunlarının mövqelərinə atəş zərbələri endirir.
Məlumatda qeyd olunur ki, düşmən Donbasda ciddi hücuma keçə və ağır texnikadan istifadə edə bilər.
Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko isə deyib ki, vəziyyət daha da pisləşə və işğalçılar hücumların sayını artıra bilər:
“Düşünürəm ki, yaxın günlərdə Rusiya həqiqətən də tanklardan əl çəkmədiyi və irimiqyaslı artilleriya atəşini artırmağa çalışdığı zaman biz daha təhdidedici vəziyyət görə bilərik. Vəziyyət bir az da gərginləşə bilər. Amma ümumilikdə demək olar ki, şərqdə və cənubda müdafiəmiz çox yaxşı qurulub. Müdafiənin yarılmasına imkan vermirik. Bundan əlavə, hesab edirəm ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumlara keçid üçün yaxşı imkanlar yaradır”, deyə Musienko bildirib.
Cəbhənin digər istiqamətlərində də fəallıq müşahidə olunur.
Daxil olan son məlumatlara əsasən, Rusiya Belqorodda Xarkov istiqamətində əlavə qüvvələr toplayır.
Bildirilir ki, “İskəndər-M” operativ taktiti raket komplekslərinin buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib.
Ukrayna müharibəsi ilə bağlı fərqli siyasi mövqelər də davam etməkdədir.
Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib ki, Almaniya sənayesinin Rusiyanın nadir xammal və enerji resurslarına ehtiyacı səbəbindən Moskva uzunmüddətli perspektivdə təcrid oluna bilməz.
O əlavə edib: "Rusiya kimi bir ölkəni uzunmüddətli perspektivdə nə siyasi, nə də iqtisadi cəhətdən təcrid edə bilməzsiniz. Söhbət təkcə neft və qazdan deyil, həm də nadir torpaq elementlərindən gedir. Və bunlar sadəcə olaraq əvəz edilə bilməyən xammallardır".