Aİ rəsmisi Mora nüvə danışıqları üçün Vyanaya gedib
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora İran və dünya gücləri arasında danışıqları yenidən başlamaq üçün Vyanaya gedib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının (Aİ) siyasi direktoru Enrike Mora Vyanaya səfər edəcəyini Tvitter hesabında açıqlayıb.
Mora yazıb: "Mən nüvə danışıqları üzrə koordinatorun (Cozep Borrell) iyulun 20-də İranın nüvə sazişinin tam icrası üçün verdiyi təklifi müzakirə etmək üçün Vyanaya gedirəm. Avstriya hakimiyyətinə minnətdaram".
Bu yaxınlarda Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell 2015-ci ildə imzalanmış nüvə sazişinin canlandırılması və danışıqların yekunlaşdırılması təklifi ilə çıxış edib.
ABŞ Dövlət Departamenti də çərşənbə axşamı Borrelin təklifini araşdırdığını və cavabın Aİ-yə göndəriləcəyini bildirib.
İran xarici işlər nazirinin müavini və baş müzakirəçi Əli Baqiri Kəni isə öz Tvitter hesabında ABŞ-ın da hazır olduğu təqdirdə İranın qısa müddətdə danışıqları yekunlaşdırmağa hazır olduğunu bildirib.