Okt 04, 2022 16:21 Asia/Baku
  • Rusiyada səfərbərliyə 200 mindən çox şəxs qatılıb

Sentyabrın 21-də başlayan qismən səfərbərlik çərçivəsində Rusiya silahlı qüvvələrinə 200 mindən çox şəxs qatılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı keçirilən konfransda bildirib. 

Nazir qeyd edib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fərmanına əsasən, sentyabrın 21-dən ölkədə qismən səfərbərlik həyata keçirilib. Bu günə qədər 200 mindən çox şəxs silahlı qüvvələrə qatılıb.

Onun sözlərinə görə, səfərbər olunanların zəruri geyim dəstləri və digər əmlakla təmin edilməsi, hərbi vəzifələrə təyin edilməsi barədə müvafiq vəzifəli şəxslərə tapşırıqlar verilib.

"Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı səksən poliqonda və altı təlim mərkəzində aparılır", deyə Şoyqu vurğulayıb. 

O bildirib ki, qismən səfərbərlik zamanı hərbi komissarlıqlara çoxlu sayda könüllülər gəlir, ciddi səbəblər yoxdursa, onlardan imtina etmək lazım deyil. 

Müdafiə naziri Nəzarət Fəaliyyəti Baş İdarəsinə “qismən səfərbərlik üzrə bütün tədbirlər kompleksinə diqqətlə nəzarət etməyi” tapşırıb.

Teqlər