Türkiyə prezidenti rus həmkarına zəng edib
Ərdoğan Putini tam dəstəklədiyini deyir
Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
SəhərAzəri-nin məlumatına görə, Söhbət zamanı Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib. Rəcəb təyyip Ərdoğan isə Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü iddia edib. Bundan sonra Vaqner hərəkətə keçib.
Öz növbəsində Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.