Yan 20, 2019 18:10 Asia/Baku
  • Ədalət və vicdan; müsəlmanın həyat meyarı
    Ədalət və vicdan; müsəlmanın həyat meyarı

Dini termində , ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, "hər kəsin haqqını özünə vermək" və "hər şeyi öz yerinə qoymaq" kimi mə'nalara malikdir.

İslam dinində ədalət heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquqlarının bərabər şəkildə qorunmasını, zorakılıqla barışmadan mübarizə aparılmasını və zalımlarla münasibətdə məzlumların müdafiə edilməsini təbliğ edir. İslamda ali ədalət baş verən hadisələrə qərəzsiz, mərhəmətli, tolerant yanaşmanının göstəricisidir.  Belə ki, emosiya və hisslərinin təsirinə düşmüş insanın ətrafdakı hadisələrə obyektiv yanaşması qeyri-mümkündür. Bu şəraitdə hər hansı qeyri-obyektivliyə yol verməmək üçün müsəlmanın əxlaqi və şəxsi keyfiyyətləri elə yüksək səviyyədə olmalıdır ki, ehtiyacı olan şəxsə qayğı göstərmək hissi onun şəxsi maraqlarından üstün mövqedə dayansın. Ədalətin bərqərar olması üçün müsəlman Allah-Təala qarşısında böyük məsuliyyət daşıyır: “Allah sizə əmanətləri əhlinə verməyinizi (sahiblərinə qaytarmağınızı) və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi buyurur. Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 58-ci ayə).

İslam öz doğmalarına və yaxınlarına, hətta özünə qarşı şahidlik etsə belə müsəlmanı ədaləti bərqərar etməyə çağırır: “Ey iman gətirənlər! (şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan, Allah üçün şahidlik edən kəslər olun! (Barəsində şahidlik edəcəyiniz kəs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz əməllərdən xəbərdardır!” (Nisa, 135-ci ayə).

İslamda təbliğ edilən ali ədalət prinsipi etnik, irqi və konfessional mənsubiyyətindən asılı olmayaraq bütün insanlara təlqin edilir. Günümüzdə demək olar ki, dünyanın hər nöqtəsində insanlar milli mənsubiyyətinə və dərisinin rənginə görə dözümsüzlüklə üzləşirlər. Lakin bir həqiqəti qəbul etmək lazımdır ki, Allah-Təala Yer üzərində müxtəlif irqləri və millətləri bir-birilə düşmənçilik etməsi üçün deyil, onların bir-birini qəbul etməsi məqsədilə xəlq etmişdir. Onun tərəfindən yaradılmış müxtəlif irq və millətlər möhtəşəm səltənətin gözəl zənginliklərindəndir, konflikt və müharibələr üçün bəhanə deyildir.

Təəssüf ki, dövrümüzdə bəzi cəmiyyətlərdə insanlar rəqibləri kimi gördükləri şəxslərlə münasibətdə ədalətsiz davranış nümayiş etdirirlər. Bu isə öz növbəsində, insanların bir-birinə olan inam və etimadının itməsinə gətirib çıxarmaqla yanaşı, Allahın onların qəlbinə əta etdiyi qarşılıqlı kömək etmək, anlaşmaq, mərhəmət kimi yüksək insani keyfiyyətlərin yox olmasına səbəb olmuşdur.

Şübhəsiz ki, əsl müsəlman olan kəsin hər hansı cəmiyyət və şəxsə bəslədiyi hissləri onun qərarlarının qəbulunda heç bir rol oynamır. O, ən çətin qərarların qəbulunda belə bütün şəxsi emosiyaları və düşüncələri bir kənara qoyaraq, ədalətlə hərəkət edir və ədalətin bərqərar olunmasına nail olur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiyiniz əməllərdən xəbərdardır!” (Maidə, 8-ci ayə).

Göründüyü kimi, Quran əxlaqı müsəlmandan həqiqi ədalət tələb edir. İnanclı şəxs dərk edir ki, o, Allahın iltifatını o zaman qazana bilər ki, həyatının hər anında onun bəyəndiyi əməllər etsin. Belə olduğu təqdirdə, həmin insan digər insanların da etimadını asanlıqla qazanacaqdır. Bu şəxslərə hətta düşmənləri də hörmətlə yanaşacaqdır.

Allah-Təalanın insana yol göstərməklə təlimatlandırdığı rəhmani güclərdən biri də vicdandır. Bu güc vasitəsilə insan həyatının sonuna qədər nəfsin pisliklərinə, şeytanın vəsvəsələrinə, ümumiyyətlə bəyənilməyən bütün hərəkətlərə qarşı xəbərdar edilir, qorxudulur. Ona İslamın təlqin etdiyi davranış və dəyərlər aşılanır.

İnsan vicdanının səsini eşidəndə onun dini və ictimai həyatında bu öz təcəssümünü göstərir. Bu keyfiyyət Allaha olan sevgini möhkəmləndirməklə yanaşı, ətrafdakı hər şeyə məhəbbətlə yanaşmağı təlqin edir, pis və mənfi vərdişlərdən uzaqlaşdırır.

Qarşılaşdığı bütün situasiyalarda qeyd-şərtsiz vicdanının səsini dinləyən şəxs dini düzgün yaşamış olar. Nəfsilə mübarizə apararaq, hər şəraitdə vicdanlı davranması İslam əxlaqının reallığıdır. Buna görə də müsəlman vicdanını lazımi şəkildə istifadə edib-etməməsinə diqqət yetirməlidir. Əgər vicdanının səsinə qulaq asmırsa, bilə-bilə nəfsinə müqavimət göstərmirsə, deməli vicdanını dinə uyğun istifadə etmir.

İslamın meydana gəldiyi ilk iki əsrdə vicdan sözü işlənmədiyindən Qurani-Kərimdə rast gəlinməmişdir. Lakin zaman keçdikcə təsəvvüf kitablarında elmi və psixoloji məhfum kimi istifadə edilmişdir. Vicdan – ruhun haqsızlıq və pislik qarşısında üzülməsi, düzgünlük qarşısında sevinməsi kimi dərin mənəvi hisslərin qaynağıdır. Quranda insan ruhunun bu özünəməxsusluğu belə ifadə edilmişdir: “And olsun nəfsə (insana) və onu yaradana (ona biçim verənə), sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şər) öyrədənə kimi nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır, onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (Şəms, 7-10 ayələr).

İslam alimlərinin fikrincə, vicdan birbaşa Allahın əmrindədir və insanın nəzarətindən xaricdir. Bir insan öz daxilində nəyə qərar verirsə versin, vicdanı ondan əl çəkməz və hər şəraitdə doğru olanı bildirər. Bir yandan həqiqətin nə olduğuna fikir verməmək, digər tərəfdən ona tabe olmamaq “vicdan əzabı” yaradır. Bu əzab digər hisslərlə müqayisə edilə bilməz. Bu əzab Allahın insanlara etdikləri əməl və hərəkətlər qarşılığında və eyni zamanda, səhvlərini düzəltmələri üçün onlara fürsət olaraq verdiyi sıxıntıdır. Qurani-Kərimdə vicdanlarının səsinə qulaq asmadıqları üçün sıxıntı keçirən və ona dözməyərək tövbə edən üç insan barəsində belə bəhs edilmişdir: “Həmçinin (Təbuk) döyüşündə geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara (əvvəlki hallarına) qayıtmaq üçün tövbə nəsib etdi və tövbələrini qəbul buyurdu. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Tövbə, 118-ci ayə).

Quranda vicdan əzabı çəkən nümunəvi insanlardan biri də Həzrət Yunisdir. O Yunis ki, onu dinləməyən qövmünü tərk etmişdir. Lakin bir müddət sonra bu hərəkətinin səhv olduğunu anlayaraq, Allaha tövbə etmişdir. Onun tövbəsi qəbul edilmiş və bir qövmə yenidən peyğəmbər kimi göndərilmişdir: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüzün, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında: gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan (müqəddəssən)! Mən isə, həqiqətən, zalimlərdən olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm etmişəm)”-deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya, 87-88-ci ayələr).

Göstərilən nümunələrdən fərqli olaraq, bəzi insanlar vicdan əzabına rəğmən haqqa qarşı müqavimət göstərirlər. Allah-Təala vicdanlarına uymayan, qəlbləri dinə qarşı olanların daxili iztirablarını, yaşadıqları mənəvi boşluğu və sahibsizlik hissini belə bildirmişdir: “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü (qəlbini) islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun köksünü daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!” (Ənam, 125-ci ayə).

Ayədən də görünündüyü kimi, ancaq Allahın həyat bələdçisi kimi müəyyənləşdirdiyi vicdana tabe olan insanlar dünyada rahatlıq tapa bilərlər.

Məlumdur ki, vicdanlı birinin ətrafında vicdanlı kəslər olduğu kimi, vicdanına uymayan insanlar da özləri kimilərlə birlikdə olmaya məhkumdurlar. Vicdanın deyil, şəxsi maraq və mənafelərin əsas götürüldüyü çevrə isə son dərəcə etibarsızdır. Bu şəraitdə, belə cəmiyyətin üzvləri böyük maddi-mənəvi sıxıntılar və ümidsizlik yaşayırlar. Bəzən bunun səbəbini heç özləri də bilmirlər. Əlbəttə, bu onların yalnız indiki dünyada yaşadıqları əzab-əziyyətlərdir. Vicdanının əleyhinə gedənlərin axirətdə görəcəkləri isə Quranda belə göstərilir: “O gün Onun edəcəyi əzabı heç kəs edə bilməz! (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!” (Fəcr, 25-26-cı ayələr).

Xüsusi qeyd ediləsi məqam vardır: Vicdanlı şəxslər necə Cənnətdəki yerlərini hazırlayırlarsa, vicdansızlar da eyni şəkildə Cəhənnəmdəki yerlərini hazırlamaqdadırlar, lakin özləri bunu bilmirlər: “(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də bilmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qaplayacaqdır! O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!”- deyə buyuracaqdır (Ənkəbut, 53-55-ci ayələr).

Sonda qeyd edək ki, bütün müsbət keyfiyyətlər kimi vicdan və ədaləti də qırılmaz bağ birləşdirir. Belə ki, vicdanlı insan hər zaman haqqın və ədalətin yanında olacaqdır, ədalətli şəxs də vicdanın hökmüylə hərəkət edəcəkdir.

Teqlər