Mart 31, 2021 00:35 Asia/Baku
  • Azərbaycan millisi Serbiyaya uduzaraq, son pilləyə yuvarlanıb

Azərbaycanın futbol üzrə milli yığması DÇ-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

SəhərAzəri xəbər verir ki, Canni de Byazinin yetirmələri ilk ev qarşılaşmasında Serbiya ilə görüşüb. Bakı Olimpiya Stadionunda keçirilən görüşə A qrupunun lideri kimi çıxan balkanlılar 16-cı dəqiqədə hesabı açıb. Cari tsikldə 4-cü qoluna imza atan Aleksandar Mitroviç komandasını hesabda önə çıxarıb.

Fasilədən sonra Azərbaycan yığması qonaqların qapısına yol tapıb. Qətərlə görüşdəki kimi bu dəfə də Azərbaycan millisi penaltidən fərqlənib. Emin Mahmudov özü qazandığı 11 metrlik cərimə zərbəsini asanlıqla qola çevirib. Bu, yarımmüdafiəçinin millidə 2-ci qolu olub.

Amma Azərbaycan komandası bu nəticəni qoruya bilməyib. Üç gün öncə Serbiya millisinin tarixinə ən yaxşı bombardir kimi düşən Aleksandar Mitroviç növbəti dublunu gerçəkləşdirib. Forvard tsikldəki 3-cü matçında qol sayını 5-ə çatdırmaqla komandasına da 3 xal qazandırıb.

Seçmə mərhələyə Portuqaliyaya 0:1 hesablı məğlubiyyətlə başlayan Azərbaycan yığması startda ikinci dəfə uduzub. Azərbaycan millisi bu yenilgi ilə sonuncu pilləyə yuvarlanıb. Üç gün öncə yoldaşlıq görüşündə Qətərə də uduzan komanda ardıcıl 3-cü məğlubiyyətə üzülüb.

 

Teqlər