İtaliya yığması Avro-2020-nin çempionu oldu
İtaliyanın futbol üzrə milli komandası Avropa çempionatının final matçında İngiltərə yığmasına qalib gələrək, kuboku paytaxt Romaya apardı.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə və İtaliya yığmaları bazar günü gecə Avro-2020-nin final matçı çərçivəsində bakı vaxtı ilə saat 23:00-da Londonda üz-üzə gəliblər və sonda İtaliya yığması penaltilər seriyasında rəqibini məğlub edərək, çempion olub.
Oyunun əsas hissəsi 1:1 bərabərliyi ilə başa çatıb, əlavə vaxtda da hesab dəyişmədiyindən oyunun taleyini penaltilər seriyası həll etməli olub.
Penalti zərbələrində İtaliya yığması daha dəqiq olaraq, 3:2 hesabı ilə qalib gəlib və Avropa çempionu olub.
Görüşü 48 yaşlı niderlandlı baş hakim Byorn Kuypers idarə edib.
İtaliya 1968-ci ildə də Avropa çempionatının qalibi olub.
İngiltərə yığmasının azarkeşləri, İtaliya qarşısında məğlub olduqdan sonra Londonun "Uembli" stadionunda İtalya azarkeşlərinə hücum ediblər. Həmçinin sosial şəbəkədə, penaltini qaçıran İngiltərə yığmasının üç qaradərili oyunçusuna qarşı irqçi mesajların yayılması da intensiv hal alıbdır.