İranın qadın futbolçuları Asiya çempionatına vəsiqə qazanıblar
İordaniya yığmasını məğlub edən İranın qadınlardan ibarət futbol komandası Asiya çempionatının yekun mərhələsinə vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın qadınlardan ibarət yığma futbol komandası Asiya üzrə seçmə görüşlərinin G qrupundan olan son oyununda İordaniya millisi ilə qarşılaşıb və penalti zərbələrində qələbəyə nail olub. Bu nəticə ilə yığma komandamız ilk dəfə olaraq, millətlər kubokunun yekun mərhələsinə çıxıb.
İordaniya bu görüşün birinci hissəsində İran qapısı qarşısında müəyyən mövqelərə sahib olub, lakin komandamızın müdafiəsi rəqibin hesabı açmasına mane olub.
Komandaların ikinci hissədə qol vurmaq üzrə səyləri də nəticə verməyib. Sonda penalti zərbələri Asiya çempionatının yekun mərhələsinə vəsiqə qazanan tərəfi müəyyən edibdir.
İran penalti zərbələrində İordaniya yığmasını dörd-iki hesabı ilə məğlub edib.
İran millisinin qapıçısı- Zöhrə Kudayi rəqib komandanın iki penaltisini tutmağı bacarıb.
İran yığması bundan öncə Banqladeş komandasını beş-sıfır hesabı ilə məğlub etmişdi.
Zöhrə Kudayi, Qəzalə Bəni Talibi, Qolnuş Xosrəvi, Behnaz Tahirxani, Melika Məhəmmədi, Yasəmən Fərmani, Melika Mütəvəlli, Zəhra Sərbali, Hacər Dəbbaği, Səmanə Çəhkəndi və Negin Zəndi İordaniya yığması ilə görüşdə İran millisinin tərkibində oynayıblar.