Sabah səfər ayının iyirmisi Ərbəin günüdür!
Sabah 1444-cü hicri-qəməri ilə səfər ayının 20-si dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhid edilməsinin 40-cı gününə-Ərbəin günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır.
Hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.
Ərbəin yürüşü İslam ümmətinin son məqəsdinin reallaşmasına, yəni yeni və böyük İslam mədəniyyətinin təşəkkülünə zəmin yaradır. Bu cəhətdən şiə və sünni olmasından asılı olmayaraq müsəlmanlar və digər millət və xalqlar arasında möhkəm bağlılıqlar bu yürüşdə daha çox müşahidə olunur.
Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir.
Ərbəin gününün gəlib çatması münasibətilə «Səhər» beynəlxalq telekanalının Azəri redaksiyası adından bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı veririk.