İyul 16, 2020 12:26 Asia/Baku
  • Bir sıra ölkə Bakı və Yerevanı siyasi dialoqa çağırıb

Özbəkistan Xarici İşlər Nazirliyi bir bəyanatda Bakı və Yerevanı təmkinli olmağa, döyüşlərə son qoymağa və ixtilafların həlli üçün siyasi danışıqlara çağırıb.

SəhərAzəri Özbəkistan Xarici İşlər Nazirliyi bildirib: Daşkənd iki ölkənin bir qrup vətəndaşının ölümünə səbəb olan Azərbaycan Respublikası-Ermənistan sərhəd döyüşlərindən olduqca narahatdır.

Bəyanatda deyilir: Azərbaycan Respublikası-Ermənistan sərhədindəki narahat doğuran vəziyyət mülkilərin öldürülməsinə, mühüm iqtisadi əlaqələrin dağılmasına və region təhlükəsizliyinə zərərin dəyməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Tovuz rayonunda bu ölkə hərbçiləri ilə Ermənistan hərbçiləri arasında gedən döyüşlər cari il iyul ayının 12-dən başlanıb və çərşənbə axşamı gününədək davam edib. Bu döyüşlərdə hər iki tərəfdən bir qrup insan ölüb və yaralanıbdır.

Bundan öncə İran İslam Respublikası, Rusiya və Türkiyə də Azərbaycan Respublikası-Ermənistan sərhədində gərginliyin artmasından nigarançılıq etmiş, tərəfləri təmkinli olmağa, döyüşlərə son qoymağa və ixtilafların həlli üçün siyasi danışıqlara çağırmışdılar.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə 1988-ci ildə başlanıb və 1991-ci ildə hərbi qarşıdurmaya səbəb olub. Nəticədə Dağlıq Qarabağ bölgəsi və qonşu yeddi rayon erməni qüvvələrin işğalı altına keçib. 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəs bərqərar edilib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun bu münaqişə ilə bağlı vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.

 

Teqlər