Gürcüstanın Səhiyyə Nazirliyinin kompüter sisteminə kiberhücum olub
Gürcüstanın daha bir nazirliyinin kompüter sisteminə kiberhücum olub. Bu dəfə ölkənin Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin kompüter sistemi kiberhücuma məruz qalıb.
səhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 1-də nazirliyin mərkəzi idarəsi və tabeliyində olan qurumların sisteminə qanunsuz müdaxilə olub, nəticədə tibbi məlumatlar və Tbilisi yaxınlığındakı Luqar laboratoriyasının (“Riçard Luqar” Araşdırma Mərkəzi) məlumat bazasındakı pandemiyanın idarə olunması üzrə informasiyalar oğurlanıb, həmin məlumatlardan istifadə edilib.
Araşdırma nəticəsində kiberhücumun xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən həyata keçirildiyi müəyyən edilib. Bildirilib ki, sistemdən əldə olunan məlumatların bir hissəsi xarici saytlardan birinə yüklənib və kütləvi istifadə üçün açıqdır. Həmin məlumatlar ictimaiyyətdə şübhə və qorxu yaratmaq məqsədilə saxtalaşdırılır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.