Paata İmnadze:
"Gürcüstanda vəziyyət belə davam edərsə pandemiya qurbanlarının sayı artacaq"
Paata İmnadze: "Əhalinin koronavirusa yoluxmasının qarşısının alınması ilə bağlı tədbirlərə laqeyd münasibəti Gürcüstanda pandemiya qurbanlarının sayını artıracaq".
SəhərAzəri Azərtac-a istinadla xəbər verir, bu sözləri Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin sədrinin müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, koronavirus dünyada olduğu kimi Gürcüstanda da tüğyan edir. Bütün ölkələr bundan əziyyət çəkir.
Koronavirus qurbanlarının sayının artmasından narahat olan P.İmnadze deyib: “İnsanlar həkimlərin məsləhətinə qulaq assalar koronavirusun yayılmasının qarşısını ala bilərik. Lakin tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və digər tövsiyələrə, qadağalara riayət olunmasa daha böyük fəlakətlə üzləşəcəyik. Pandemiya qurbanlarının sayı artacaq”.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma və pandemiya qurbanlarının sayı hər gün artır. Noyabrın 6-da ölkədə yoluxma sayı daha 2775 fakt artaraq 51 min 993-ə yüksəlib. Pandemiya qurbanlarının sayı isə 423-ə çatıb, onlarında 22-si noyabrın 6-da dünyasını dəyişib.