"Human Rights Watch": Ermənistan Azərbaycana qarşı bir neçə dəfə kasetli silahlardan istifadə edib
Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələri altı həftəlik müharibə dövründə dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutub.
SəhərAzəri xəbər verir, bu, “Human Rights Watch”un hesabatında öz əksini tapıb.
Hesabatda bildirilib ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu sənədləşdiriblər: “Bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb”.
Təşkilatın hesabatında Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum sənədləşdirilib: “Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə rayonuna, ikisi Goranboy rayonuna və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasetli silahlı hücumu sənədləşdirib”.