Gürcüstanda fevralın 1-dən bir sıra məhdudiyyətlər götürüləcək
Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlərin fevralın 1-dən etibarən götürülməsinə başlanılacaq.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini Maya Tskitişvili keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, 1 fevraldan etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın, məktəblərin, alış-veriş mərkəzlərinin və digər ticarət obyektlərinin fəaliyyəti bərpa ediləcək.
Fevralın 1-dən Acarıstan Muxtar Respublikasında açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətlərini bərpa etməsinə də icazə verilib.
M. Tskitişvili qeyd edib ki, ölkə ərazisində hər gün saat 21:00-dan 05:00-dək tətbiq edilən sərbəst hərəkət məhdudiyyətinin martın 1-də götürülməsi planlaşdırılıb.
Xizək kurort zonalarına tətbiq edilən məhdudiyyət də qüvvədə saxlanılıb.