Fev 08, 2021 08:57 Asia/Baku
  • Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”

Rusiyalı sülhməramlıların komandiri Laçın koridorunun xarici ölkə vətəndaşlarının üzünə bağlı olduğunu açıqlayıb.

SəhərAzəri xəbər verir ki, Bu məlumata əsasən, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan  “Teleqram-kanal”ında iddia edib ki, fransız jurnalistlərindən ibarət nümayəndə heyəti ilə bağlı məsələdən sonra Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rustam Muradov Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyana bir məktub yollayıb.  

Məktubun məzmunu ondan ibarətdir ki, yalnız Ermənistan və Rusiya vətəndaşları Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə bilərlər. Qarabağı ziyarət etmək üçün digər ölkələrin vətəndaşlarının Azərbaycandan icazə alması lazımdır. 

Keçmiş səfir qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu mövzuda susması bunun əyani təsdiqidir.

Xatırladaq ki, M.Minasyanın fevralın 6-da yaydığı məlumata görə, bu günlərdə Rusiya sülhməramlıları Ermənistandan  Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə  verməyib.

Azərbaycanda isə hesab edirlər ki, Ermənistan və Rusiya vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağa gəlməsi də Azərbaycan Respublikasının suverenliyinə təhdiddir...

Teqlər