Fev 24, 2021 09:55 Asia/Baku
  • Rusiya Qarabağa qoşun gətirir?

Ermənistan mətbuatının iddiasına görə, Rusiya Ermənistandakı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək istəyir.

SəhərAzəri xəbər verir ki, daxil olan məlumata əsasən, Rusiya Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsini Qarabağa köçürmək fikrinə düşüb.

Xəbərdə deyilir ki, İrəvan və Moskva bu istiqamətdə ciddi müzakirəyə başlayıb. Ermənistan mətbuatı buna çox vacib xəbər kimi yanaşır və az qala bütün saytlarda məsələ müzakirəyə çıxarılıb.

Razılıq əldə olunsa, hərbi birləşmələrdən biri Qarabağ istiqamətində yerləşdiriləcək. Hələlik dəqiq koordinatlar verilməyib. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan söhbətin Ermənistanın şərqindən getdiyini bildirib. O, məqsədin həm də ölkə sərhədlərini daha yaxşı qorumaq olduğunu bildirib. Arutyunyan Rusiya ilə əməkdaşlıqdan çox məmnun olduqlarını deyib.

Xatırladaq ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan noyabrın 10-da üçtərəfli razılaşmaya imza atıb. Razılaşmaya görə, Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Teqlər