Saakaşvili 24 saatlıq Gürcüstana buraxılmasını istəyir
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əhalinin reaksiyasını öyrənmək məqsədilə ölkə rəhbərliyinə 24 saatlıq girişinə icazə verilməsini təklif edib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,bu barədə Saakaşvili “TV Pirveli”ə bildirib.
“Gəlin araşdırma eksperimenti aparaq. Məni ölkəyə buraxsınlar, and içirəm ki, 24 saat ərzində küçələrdə mühafizəçilər olmadan gəzəcəm. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verilsin. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına ayaq basan kimi hazırkı hakimiyyət xalqın ona dəstəyinin 5%, mənə isə 70-75% olduğunu görəcək”.
Sabiq prezidentin sözlərinə görə, Gürcüstan rəsmiləri Ukraynaya bir neçə dəfə gəlib və yerli hakimiyyətdən onu Gürcüstan tərəfinə təhvil verməmələrini xahiş edib.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, burada ona qarşı bir çox cinayət işi açılıb, bəziləri üzrə qiyabi həbs cəzasına məhkum edilib. 2015-ci ilin yazında Saakaşvili Ukrayna siyasətinə daxil olub və Odessa vilayətinin qubernatoru vəzifəsini tutaraq, bu ölkənin vətəndaşlığını alıb. Lakin 2016-cı ilin noyabrında vəzifəsindən azad edilib. O zaman prezident olan Petro Poroşenko bunu Saakaşvilinin bölgənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi, iqtisadi göstəricilərin xeyli pisləşməsi ilə izah edib. 2017-ci il iyul ayının sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdi.
Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra 2019-cu ildə Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb və onu Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib.