May 29, 2021 13:56 Asia/Baku
  • Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli sülh üçün vacibdir

Cənubi Qafqazdakı ərazi mübahisələri, sərhəd məsələləri regional sülh və təhlükəsizliyə əsas təhdiddir. Azərbaycanla Ermənistan arasındakı sərhəd problemi isə xüsusilə qeyd olunmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Sovet ittifaqının dağıldığı vaxtdan indiyədək Ermənistanla Azərbaycan Qarabağ münaqişəsi üzündən dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlaya bilməyiblər. Xatırladaq ki, 1990-cı illərin əvvəllərində başlamış Qarabağ münaqişəsi Azərbaycanın ərazilərini itirməsi ilə nəticələnmişdi. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. Bununla da Bakı həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirmişdi. 

Bütün bu illər ərzində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, problem uzun illər həll olunmamış qalıb. Bu dövrdə kövrək sülhün tez-tez pozulması, münaqişənin zaman-zaman gərginləşməsi həm Azərbaycan, həm də erməni xalqına əzab və faciələr yaşadıb.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib. Nəticədə o, işğal altındakı bir sıra rayonlarını azad edib. Müharibə yalnız Moskvanın müdaxiləsi ilə dayandırılıb. Bu məqsədlə ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Bundan sonra Rusiya regionda sülh və atəşkəsə zəmanət verən əsas dövlətə çevrilib.

İndi tərəflər postmüharibə dövrünə aid mühüm məsələlərin həllinə çalışır. Söhbət nəqliyyat əlaqələrinin açılması yolu ilə iqtisadi münasibətlərin bərpasından, həmçinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasından gedir. Delimitasiya və demarkasiya prosesini xüsusi vurğulamaq lazımdır. Çünki regionda gələcək sülh və təhlükəsizlik üçün məhz bu məsələ mühüm əhəmiyyət kəsb edir.

Amma bu yaxınlarda tərəflər arasında Zəngəzur regionundakı Qaragöl gölü ətrafında insident baş qaldırıb. Bununla, Ermənistan-Azərbaycan sərhədlərinin tam delimitasiyası və demarkasiyasının əhəmiyyəti daha da böyüyüb. Ona görə də hazırda tərəflər arasında davamlı sülhün bərqərar olması üçün ən önəmli məqam dövlət sərhədlərinin delimitasiyasıdır. Bu qonşu ölkələr dövlət sərhədinin delimitasiya və demarkasiya ilə bağlı razılaşmanı imzalaya bilməzlərsə, sərhəd problemi Ermənistanla Azərbaycan arasında təhlükəsizlik və davamlı sülh üçün əsas maneə olacaq. 

Teqlər