Rəsmi Tbilisi “3+3” platforması ilə bağlı mövqeyini açıqlayıb
Gürcüstan Ərdoğanın təklifinə yox dedi
Gürcüstan hökuməti bildirib ki, bu dövlət ərazilərini işğalda saxlayan Rusiyanın olduğu geosiyasi layihədə iştirak etmək istəmir.
SəhərAzəri-nin məlumatına əsasən, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə etdiyi çıxışında deyib.
Gürcü rəsmisi qeyd edib ki, son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı bu dövlətin mövqei aydındır. Bu, geosiyasi layihədir. Amma Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi hansısa toplantıda və ya qrupda iştirak etməyəcək.
XİN başçısının sözlərinə görə, bununla belə Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq meydançası kimi çıxış edə bilər: “Bizim regionda gərginliyi azaltmağa kömək edəcək iqtisadi layihələr təklif etməklə, həmçinin uzunmüddətli sülh qurmaqla bağlı ambisiyalarımız var. Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Avropaya enerji resurlarını tədarük edən layihələrdə iştirak edir. Bu, erməni tərəfdaşlarımız üçün də maraq doğura bilər”.
Müşahidəçilər hesab edirlər ki, Gürcüstan dövləti Altılıq Formatının işə düşməsi ilə geopolitik və geostrateji əhəmiyyətini müəyyən qədər itirə bilcəyindən, eyni zamanda Moskvaya yaxınlaşdığına xatir ABŞ ilə NATO-nun qəzəbinə tuş gələcəyindən ehtiyatlanır.
Bu səbəbdən istisna deyil ki, Tbilisi oktyabrın 18-də Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin-nin açıqlamasını öz mövqeyində nəzərə almalı olub.
Pentaqon şefi sözü gedən aşıqlamada, "3+3" əməkdaşlıq formatına münasibət bildirərkən demişdi: "Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı".
Məsələ ondadır ki, Gürcüstan "3+3" formatında yer alarsa, bu, istər-istəməz rəsmi Tbilisi ilə Kremlin münasibətlərində müsbət irəliləyişlərə yol aça bilər. ABŞ isə bunu qətiyyən istəmir. Çünki, Ağ Evdə Gürcüstanı ABŞ-ın Cənubi Qafqazdakı "son qalası" hesab edirlər. "3+3" modeli ABŞ-ı bu "son qala"dan da məhrum buraxa bilər.
Görünür, xarici işlər nazirinin dünənki açıqlaması ilk növbədə Gürcüstanın Rusiya ilə yaxınlaşmasının Ağ Evdə məmnunluq yaratmayacağını rəsmi Tbilisin diqqətinə çatdırmaq məqsədindən qaynaqlanır.