Görüş Brüsselə qalmadı
Putin Azərbaycan və Ermənistan rəhbərlərini görüşdürür
2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında atəşkəs haqqında bəyanatın imzalanmasının ildönümünə təsadüf edən üçtərəfli danışıqlar keçiriləcək.
SəhərAzəri-nin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya dövlət başçısının təşəbbüsü ilə keçiriləcək danışıqlarda üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.
Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.
Kremlin məlumatında o da qeyd olunub ki, V. Putinlə Azərbaycan və Ermənistan liderləri arasında ayrıca danışıqlar da nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.