Üçtərəfli görüş barədə Şarl Mişel bəyanat yayıb
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ötən gün Brüsseldə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ilə üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.
Avropa İttifaqının saytında dərc olunan sənəddə Şarl Mişelə istinadla Əliyev və Paşinyanın indiyədək Rusiyanın vasitəçiliyi ilə imzaladıqları razılaşmalara sadiq olduqları bildirilir.
Bəyanatda Şarl Mişelin köməyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında bir başa əlaqə kanalının yaradılmasının sərhəd insidentlərinə mane olacağı vurğulanıb.
Son günlər Azərbaycan Respublikasının on erməni əsiri azad etməsi və Ermənistanın minalanmış ərazilərə dair yerdə qalan xəritələri verməsi alqışlanır yeni saxlanılanların azad edilməsi və itkin düşənlərin taleyinin həll edilməsinə çağırılır.
Bəyanatda bildirilir ki, Prezident Əliyev və baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamanın planlaşdırılması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli mühitin yaradılması üçün daha ciddi addımlar atılmalıdır.
Bəyanatda deyilir: Qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti haqqında müvafiq razılaşmalarla dəmir yolu xətlərinin bərpasına başlanılması qərara alınıb. Avropa İttifaqı nəqliyyat kommunikasiyalarının inkişafını dəstəkləməyə hazırdır.