Ermənistan Brüssel müzakirələrindən məmnun qalıb
Erməni politoloq Avropa İttifaqının danışıqlar prosesinə qoşulmasını alqışlayır
Erməilər Brüssel görüşünün nəticələrindən razı qalıblar. Erməni politoloq bu məsələni geniş təhlil edib.
SəhərAzəri-nin məlumatına əsasən, analitik Ovsep Xurşudyan hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə qoşulması Azərbaycanın Sünikdən keçən dəhlizi əldə etmək üçün – onun ifadəsi ilə desək- təcavüz ehtimalını azaldır. O, qeyd edib ki, Azərbaycan üçtərəfli 10 noyabr razılaşmasında yer almış "maneəsiz əlaqə" ifadəsi ilə manipulyasiya edir və bununla da Naxçıvanla nəqliyyat əlaqəsini Laçın dəhlizinin statusu ilə eyniləşdirməyə cəhd edir. Onun sözlərinə görə, Avropa İttifaqı anladıb ki, ekstraərazi dəhlizlər yolverilməzdir.
Siyasi analitik sonra deyib: "Beynəlxalq siyasət və diplomatiyada hər terminin öz mənası var. Üçtərəfli bəyanatda yalnız bir dəhliz-Laçın dəhlizindən söhbət gedir, bəyanatda təkcə Araz çayı boyunca dəmiryolu əlaqəsindən deyil, bütün kommunikasiyaların açılmasından danışılır. Bu isə o deməkdir ki, Qars-Gümrü dəmiryolu əlaqəsi də açılmalıdır. Azərbaycan Tbilisidən Naxçıvana, oradan da Ermənistan ərazisindən keçə bilər. Bu marşrutu işə salmaq daha operativdir, nəinki yeni yol çəkmək.
Xurşudyan qeyd edib ki, Azərbaycan prosesi ləngitməyə cəhd edəcək, çünki Sünikdən dəhliz əldə etmək istəyir ki, Ermənistanı gəlirlərdən məhrum etsin. Lakin Azərbaycana dəhliz verilməyəcək, bu, Ermənistan üçün qırmızı xəttdir,- deyə o, vurğulayıb.
Analitik qeyd edib ki, Avropalıların delimitasiya və demarkasiya prosesində iştirakı yüksək standartları təmin edəcək. Bundan başqa, Avropa Rusiyanı hər iki tərəfə təzyiq etməklə öz maraqlarını yeritmək imkanından məhrum edəcək.