Azərbaycanla danışıqlar prosesi üçün təhlükə varmı?
Koçaryan Paşinyanı küncə sıxdı
Koçaryan meydan sulayır. Ermənistan daxilindəki revanşist qüvvələr Azərbaycanla sülh prosesinin gedişatından narahatdırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib. O, Paşinyan hakimiyyətinin təhlükəsizlikdən tutmuş xarici siyasət, təbliğat, iqtisadiyyat və sosial məsələlərədək Qarabağ tənzimləməsinin bütün sferalarında iflasa uğradığını bildirib. Koçaryan qeyd edib ki, Ermənistan Qarabağ məsələsindən əlini üzüb.
Millət vəkili Arzu Nağıyev bu barədə Sputnik Azərbaycan portalına deyib ki, son görüşlərdən sonra Paşinyanın çıxışları müsbət addım kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycanla sülh müqaviləsi imzalanmasa, keçmiş münaqişə bölgəsində separatçıların status sərsəmləmələri ortadan qalxmasa, Ermənistan bundan ağır ziyan çəkəcək.
Millət vəkili qeyd edib ki, görüşlərin heç birində status məsələsindən danışılmır. Sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə salınması tərəflər arasında müzakirə olunan əsas mövzulardır.
Politoloq Əhməd Əlili isə hesab edir ki, son müharibədə Qarabağın itirilməsi ilə nəticələnən məğlubiyyət Ermənistan siyasi mühitində uzunmüddətli problemlərə gətirib çıxaracaq. Çünki Paşinyanın rəhbərlik etdiyi fraksiya parçalanmaya məruz qalıb. Araik Harutyunyanın da son verdiyi bəyanatlar bunu göstərir.